Xocalı soyqırımının ildönümü münasibətilə “SİQNAL 2026” İctimai Nəzarət Təşkilatının rəhbər heyəti və üzvləri Bakı şəhərində yerləşən Xocalı Soyqırımı Abidəsi önündə anım mərasimi keçiriblər. Tədbir zamanı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib, abidə önünə gül dəstələri düzülüb və şəhidlərin ruhuna dualar oxunub.
Anım mərasimində Təsisçi Sevinc Quliyeva,Təşkilatın sədri Ziya Məmmədov,Quba təşkilatının sədri Fazil Babayev, Lerik təşkilatının sədr müavini Aydın Qurbanov iştirak ediblər.
Həmçinin tədbirdə Ümumi məsələlər üzrə sədr müavini Bəxtiyar Behbudov, Sabunçu təşkilatının sədri Abdulla Abdullayev, Sədrin təşkilati məsələlər üzrə müavini Gülnaz Məmmədova, Sabunçu təşkilatının sədr müavini Qədirov Məhəmməd və Rusiya Federasiyasından Samirə Yusubova da iştirak edərək soyqırımı qurbanlarına ehtiramlarını bildiriblər.
Çıxışlar zamanı vurğulanıb ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. Bildirilib ki, bu kimi anım mərasimləri gənc nəslin tariximizi unutmaması, milli yaddaşın qorunması və şəhidlərin xatirəsinin daim uca tutulması baxımından xüsusi əhəmiyyət daşıyır.
Təşkilat rəhbərliyi qeyd edib ki, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət davam etdiriləcək və bu istiqamətdə maarifləndirmə tədbirləri genişləndiriləcək.



Tərtər rayonunda Şəhidlər Xiyabanının ziyarəti
Anım tədbirləri bununla məhdudlaşmayıb. “SİQNAL 2026” təşkilatının Tərtər rayon nümayəndəliyi də rayon ərazisində yerləşən Tərtər Şəhidlər Xiyabanını ziyarət edib.
Ziyarət Tərtər təşkilatının rayon sədri Rasim Mahmudovun rəhbərliyi ilə baş tutub. O, öz komandası ilə birlikdə şəhid məzarlarını ziyarət edib, onların xatirəsini ehtiramla anıb.
Qeyd edək ki, Rasim Mahmudov “Bayraq” ordeni ilə təltif olunmuş birinci Qarabağ müharibəsi iştirakçısıdır. O, həm şəhid qardaşı, həm də döyüşçü və veteran kimi Vətən uğrunda mübarizənin canlı şahidlərindəndir. Onun rəhbərliyi ilə keçirilən ziyarət mərasimi xüsusi mənəvi dəyər daşıyıb və vətənpərvərlik ruhunun təbliği baxımından mühüm əhəmiyyət kəsb edib.
Tədbir zamanı bildirilib ki, şəhidlərin xatirəsi daim uca tutulmalı, onların qanı bahasına qorunan torpaqların dəyəri hər zaman bilinməlidir. Xocalı soyqırımı qurbanları və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.



“SİQNAL 2026” İctimai Nəzarət Təşkilatı bundan sonra da milli-mənəvi dəyərlərin qorunması, şəhid ailələrinə mənəvi dəstək və tarixi həqiqətlərin təbliği istiqamətində fəaliyyətini davam etdirəcəyini bəyan edib.
