Fevralın 4-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbulu Qaravəlli kəndində keçirilib. Qəbulda hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul şəxsləri, eləcə də idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Öncə çıxış edən rayon rəhbəri Rafil Hüseynov səyyar qəbulların vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılması, yerində öyrənilməsi və həllinə şərait yaratdığını bildirib. Daha sonra kənd sakinlərinin müraciətləri dinlənib.
Şikayət və təkliflər əsasən ərazidən keçən suvarma kanalının təmizlənməsi, kanalizasiya sularının kanala axıdılmasının qarşısının alınması, təqaüdün təyin edilməsi, Qaravəllidə uşaq bağçasının tikintisi, örüş sahəsi, elektrik təchizatı və digər məişət xarakterli məsələlərlə bağlı olub. Qaldırılan problemlərin həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verilib, bir neçə məsələ isə ciddi nəzarətə götürülüb.
Sonda çıxış edən icra başçısı kənddə futbol klubunun fəaliyyətini müsbət hal kimi dəyərləndirib. O, mövcud futbol meydançasının yenidən qurulması, müəyyən otaqların inşası və digər zəruri işlərlə bağlı sakinlərlə fikir mübadiləsi aparıb, bu istiqamətdə göstərilən təşəbbüsə dəstək verə biləcəyini qeyd edib.
Kənd sakinləri təşkil ediln qəbula və onların problemlərinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.







