Argentina yığmasının ulduz forvardı Lionel Messi MLS müntəzəm çempionatı çərçivəsində “Orlando” ilə keçirilən səfər qarşılaşmasında rəqib qapısına iki qol vurub.
Oxu.Az xəbər verir ki, Messi qollardan birini cərimə meydançasından kənardan, standart vəziyyətdən reallaşdırıb. Bu, argentinalı futbolçunun karyerası ərzində cərimə zərbəsindən vurduğu 70-ci qol kimi tarixə düşüb.
Bu statistika sayəsində o, Braziliya millisinin əfsanəsi, dünya çempionatının üçqat qalibi Pele ilə eyni pillədə qərarlaşıb. Hər iki hücumçu hazırda ikinci yeri bölüşürlər. Nəşr vurğulayır ki, bu siyahıya 77 cərimə zərbəsi qolu ilə Braziliya yığmasının sabiq oyunçusu Juninyo Pernambukano başçılıq edir.
MLS-in hazırkı qalibi “İnter Mayami” cari mövsümdə ilk qələbəsini əldə edib. Xatırladaq ki, komanda açılış turunda “Los-Anceles”ə səfərdə 0:3 hesabı ilə məğlub olmuşdu. “Orlando” isə mövsümün startında ardıcıl ikinci məğlubiyyətini yaşayıb. Onlar daha əvvəl öz meydanlarında “New York Red Bulls”a 1:2 hesabı ilə yenilmişdilər.
“İnter Mayami”nin növbəti görüşü martın 8-də səfərdə “Di Si Yunayted”ə qarşı baş tutacaq.
