31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq “SİQNAL” İctimai Nəzarət Təşkilatının təsisçi rəhbəri Sevinc Quliyeva və təşkilatın üzvləri soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə abidələri, məzarları və şəhid məzarlarını ziyarət etmişlər.
Ziyarət zamanı təşkilat üzvləri soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoymuş, onların əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmişlər. Bildirilmişdir ki, 1918-ci ilin mart hadisələri Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən ağır faciələrdən biri olmuş, minlərlə günahsız insan yalnız milli mənsubiyyətinə görə qətlə yetirilmişdir.
Daha sonra təşkilat üzvləri Vətən uğrunda canından keçmiş şəhidlərin məzarlarını ziyarət etmiş, ruhlarına dualar oxumuş və onların qəhrəmanlığının heç vaxt unudulmayacağını bildirmişlər. Qeyd edilmişdir ki, həm soyqırımı qurbanlarının, həm də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsini yad etmək hər bir vətəndaşın mənəvi borcudur.
Təşkilatın təsisçi rəhbəri Sevinc Quliyeva çıxışında qeyd etmişdir ki, Azərbaycan tarixinin qanlı və faciəli səhifələri heç vaxt unudulmamalı, gənc nəsil bu hadisələr haqqında daim məlumatlandırılmalıdır. O, həmçinin bildirmişdir ki, vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaqdır.
“SİQNAL” İctimai Nəzarət Təşkilatı bundan sonra da milli və tarixi günlərdə anım tədbirləri, ziyarətlər və maarifləndirici fəaliyyətlər həyata keçirməyi planlaşdırır.
Allah bütün soyqırımı qurbanlarına və şəhidlərimizə rəhmət eləsin.








