Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Ağdam Sənaye Parkını ziyarət edib.
Sonxeber.az xəbər verir ki, bu barədə səfirlik sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunub ki, səfər çərçivəsində Belarus və Azərbaycan arasında azad edilmiş ərazilərdə birgə layihələrin həyata keçirilməsi üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
“Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviçin Ağdam Sənaye Parkına səfəri postmünaqişə dövründə formalaşan yeni regional iqtisadi reallıqların mühüm indikatoru kimi dəyərləndirilməlidir”, – bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
“Bu ziyarət Azərbaycanın azad edilmiş əraziləri təkcə bərpa və quruculuq məkanı deyil, eyni zamanda beynəlxalq iqtisadi əməkdaşlıq platforması kimi təqdim etmək strategiyasının praktik nəticə verdiyini göstərir. Ağdam Sənaye Parkı artıq simvolik statusdan çıxaraq real investisiya və istehsal mərkəzinə çevrilməkdədir və bu prosesdə xarici tərəfdaşların iştirakı xüsusi əhəmiyyət kəsb edir.
Belarusun sənaye, maşınqayırma, kənd təsərrüfatı texnikası və emal sahələrində topladığı təcrübə Azərbaycanın postkonflikt inkişaf modelinə uyğun gəlir. Minsk üçün bu əməkdaşlıq Cənubi Qafqazda iqtisadi mövcudluğunu gücləndirmək, yeni bazarlara çıxış əldə etmək və dəyişən beynəlxalq şəraitdə alternativ tərəfdaşlıq imkanlarını genişləndirmək baxımından rasional addımdır. Bakı üçün isə bu cür təmaslar azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyasını sürətləndirməklə yanaşı, həmin zonaların beynəlxalq istehsal və logistika zəncirlərinə daxil edilməsinə xidmət edir.
Səfərin siyasi konteksti də diqqətəlayiqdir. Azərbaycan bu cür iqtisadi diplomatiya vasitəsilə regionda sülhün və sabitliyin maddi əsaslarını möhkəmləndirməyə çalışır. Birgə layihələr yalnız iqtisadi fayda deyil, həm də uzunmüddətli siyasi qarşılıqlı asılılıq yaradır. Bu baxımdan Ağdam Sənaye Parkı təkcə sənaye infrastrukturu deyil, Azərbaycanın suverenlik sonrası inkişaf strategiyasının və regional iqtisadi diplomatiyasının konkret alətinə çevrilir”.
