“ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya reallaşdırdığı səfər, Ağ Evin Cənubi Qafqaz siyasətində onilliklərdir davam edən ehtiyatlı və bəzən bürokratik əngəllərlə dolu yanaşmanın artıq tamamilə praqmatik, iqtisadi mərkəzli və strateji tərəfdaşlıq modelinə keçdiyini nümayiş etdirir. Bu səfər Vaşinqtonun Azərbaycanı sadəcə regional oyunçu kimi deyil, Avrasiyanın enerji və logistika xəritəsini müəyyən edən “vazkeçilməz mərkəz” və “orta güc” (middle power) kimi qəbul etdiyinin rəsmi təsdiqidir. İki ölkə arasındakı münasibətlərin yeni paradiqması artıq birtərəfli siyasi mühazirələr üzərində deyil, qarşılıqlı iqtisadi maraqlar və “Tramp Marşrutu” (TRIPP) kimi qlobal miqyaslı layihələrin icrası üzərində qurulub”.

Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.

O, açıqlamasında qeyd edib ki, Vitse-prezidentin Bakıda verdiyi mesajların ana xətti odur ki, ABŞ Azərbaycanın 2025-ci ilin avqustunda əldə olunmuş sülh prinsipləri çərçivəsində yaratdığı yeni reallıqları tam dəstəkləyir və bu sülhün iqtisadi dividendlərini milyardlarla dollarlıq investisiya paketi ilə sığortalamağa hazırdır:

“Bu yaxınlaşma həm də uzun illər münasibətlərdə süni baryer kimi qalan 907-ci düzəlişin və digər qadağaların artıq tarixin arxivinə göndərildiyini, Bakı ilə Vaşinqtonun hərbi-strateji və texnoloji sahələrdə “qırmızı xətlərsiz” əməkdaşlıq mərhələsinə qədəm qoyduğunu göstərir. Vaşinqtonun bu yeni doktrinası Azərbaycanın enerji resurslarının 10 Avropa İttifaqı və 11 NATO üzvü üçün kritik əhəmiyyət kəsb etməsi reallığına söykənir; beləliklə, Bakının təhlükəsizliyi və iqtisadi yüksəlişi artıq ABŞ-ın milli təhlükəsizlik maraqlarının bir parçasına çevrilir.

Vensin səfəri Ermənistana da aydın siqnal verir ki, ABŞ sülh prosesində Azərbaycanın təklif etdiyi inteqrasiya modelini ən effektiv yol hesab edir və regionun gələcəyini Bakının mərkəzində durduğu tranzit qovşağında görür. Nəticə etibarilə, bu səfər iki ölkə arasındakı etimadın ən yüksək zirvəsini simvolizə etməklə yanaşı, Azərbaycanın müəllifi olduğu regional nizamın qlobal miqyasda qəti şəkildə tanınması deməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »