Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadəni qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, İranda son gərginlik, eləcə də regional məsələlər müzakirə olunub.

Nazir müavini V.Cəlalzadə İranda son gərginlik və hazırki vəziyyət barədə ətraflı məlumat verib.

Nazir Ceyhun Bayramov öz növbəsində İranda sabitliyə önəm verdiyimizi vurğulayıb, son hadisələr zamanı həlak olanların ailələrinə başsağlığı diləklərini çatdırıb.

Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə başçıları arasında təmasların, qarşılıqlı səfərlərin, o cümlədən mövcud siyasi dialoqun vacibliyi, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi bildirilib.

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının işi məmnunluqla qeyd olunub.

İki ölkə arasında nəqliyyat və kommunikasiya sahələri üzrə əməkdaşlığın perspektivlərini müzakirə edən tərəflər, xüsusilə Azərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrin regionumuzdan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Azərbaycan və İran arasında keçirilən görüş, iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyinin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, – bu barədə Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

“Xarici işlər naziri Ceyhun Bayramovun İran tərəfinin son gərginliklə bağlı təqdim etdiyi məlumatı diqqətlə dinləməsi və sabitliyin önəmini vurğulaması, qarşılıqlı hörmət və anlayış mühitinin möhkəmlənməsinə xidmət edir.

Dövlət başçıları arasında təmasların və siyasi dialoqun davamlılığı, dostluq münasibətlərinin inkişafında əsas amil kimi qeyd olunmuşdur. İqtisadi, ticarət və humanitar sahələrdə fəaliyyət göstərən Dövlət Komissiyasının işi, tərəflərin praktiki əməkdaşlığa verdiyi önəmi əks etdirir.

Nəqliyyat və kommunikasiya sahələrində birgə layihələrin regionun tranzit imkanlarını genişləndirməsi, həm Azərbaycan, həm də İran üçün strateji üstünlüklər yaradır. Bu istiqamətdə aparılan müzakirələr, regional sabitlik və qarşılıqlı fayda prinsipinə əsaslanan əməkdaşlığın gələcək perspektivlərini göstərir.

Ümumilikdə, görüşün konstruktiv ab-havada keçməsi, iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlərin dialoq yolu ilə həllinə və əməkdaşlığın daha da inkişafına töhfə verən mühüm addım kimi qiymətləndirilə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »