1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Siqnal İctimai Nəzarət Təşkilatının bölgələr üzrə sədri Ağalar Məmmədov, sədr müavini Anar Bağırov və Gəncə şəhər sədri Töhvəddin Cəfərov tərəfindən Gəncə şəhərində bir sıra aztəminatlı ailələrlə görüş keçirilib.

Keçirilən görüşlərin əsas məqsədi ehtiyacı olan ailələrə maddi və mənəvi dəstək göstərmək, uşaqların bayram sevincinə şərik olmaq və onların sosial rifahına diqqəti artırmaq olub.

Təşkilat nümayəndələri Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində, həmçinin Əttarlar küçəsində yaşayan Kazımova Ayşənin və İbrahimova Ayşənin ailələrini ziyarət edərək onların qayğı və problemləri ilə yaxından maraqlanıblar. Görüş zamanı ailələrə müxtəlif yardımlar təqdim olunub, uşaqlara bayram münasibətilə hədiyyələr verilib və onlara xoş arzular çatdırılıb.

Siqnal İctimai Nəzarət Təşkilatının nümayəndələri bildiriblər ki, cəmiyyətin həssas təbəqələrinə dəstək göstərmək, xüsusilə uşaqların sağlam və xoşbəxt gələcəyi üçün çalışmaq təşkilatın prioritet istiqamətlərindən biridir. Bu cür sosial aksiyalar gələcəkdə də davam etdiriləcək və ehtiyacı olan ailələrin yanında olmaq üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Ailələr göstərilən diqqət və qayğıya görə təşkilat rəhbərliyinə təşəkkürlərini bildirərək, belə təşəbbüslərin cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Siqnal İctimai Nəzarət Təşkilatı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edir, onlara sağlam, xoşbəxt və parlaq gələcək arzulayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »